azer tarixi kosepsiyalar

Ev / Genel / Azer tarixi (kosepsiyalar)

Azer tarixi (kosepsiyalar)

AZƏRBAYCAN TARİXİ

(Konsepsiyalar)

________________________________________

Preambula

“Azərbaycan tarixi” bir elm sahəsi kimi A. Bakıxanovun tədqiqatı ilə başlanmış, XX əsrin əvvəlində M.Rəsulzadə, Ə.Hüseynzadə, M.Baharlı və başqa ziyalıların əsərlərilə bu sahə artıq müəyən sistemə salınmışdır. Azərbaycanda komunist rejim hakimiyəti ələ alandan sonra “Azərbaycan tarixi” elmi siyasiləşdi. 1920-1990-cı illər arasında Azərbaycan tarixi haqqında yazılmış monoqrafiya, dərslik və akademik nəşrlər Azərbaycanda qurulan dövlətlərin tarixini azər xalqının deyil, ayrı-ayrı sülalələrin və bölgələrin tarixi kimi təqdim edilmişdir. Bu kitablarda türk enosunun Azərbaycana gəlmə xalq olmasının qabardılması əsas konsepsiya idi. Hətta, bu “gəlmə türklər” də vəhşi köçəri simasında təqdim olunurdu.

Stalindən sonra komunis rejimində milli məsələlərə qoyulan senzura azacıq yumşalsa da, bundan tarixçilər deyil, yazarlar istifadə etdi və 60-cı illərdə Azərbaycan ədəbiyatı komunist ideologiyasından nisbətən uzaqlaşa bildi və siyasi mövzulardan uzaq olsa da, ədəbi əsərlərdə yeni milli ovqat görünməyə başladı. Yalnız ikiyə bölünmüş azər xalqının siyasi tarixini əks etdirən və uzun müddət ziyalı və tələbələr arasında əlyazma şəklində oxunan xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması disident ədəbiyatı sayıla bilər. Bu poemanın gənclərdə milli ovqatın yaranmasında böyük rolu oldu, lakin tarixçilər “qəbul olunmuş” konsepsiyadan əl çəkmədi.

Tarixşünaslıqda bu durum 1980-ci illərə qədər davam etmişdir.Yalnız bu illərdə mifoloq Mirəli Seyidov, elamşünas Yusif Yusifov, tarixçi Süleyman Əliyarov, tarixçi Mahmud İsmayılov, etnoqraf Qiyasəddin Qeybullayev və dilçi alimlərdən Fərhad Zeynalov, Tofiq Hacıyev, Elməddin Əlibəyzadə, Aydın Məmmədov, Firidun Ağasıoğlu (Cəlilov), Ədalət Tahirzadə, Arif Rəhimov, yazıçı Teymur Məmmədov və başqa ziyalıların tədqiqatları Azərbaycanda türk dilinin qədim nümunələrini ortaya çıxardı. Lakin ilk dönəmdə bu nümunələrın az olması və şumer, het, siriya, yunan-latın, hay, gürcü, ərəb və fars qaynaqlarından pərakəndə halda seçilməsi yeni konsepsiyanın sistem şəklində qurulmasına kifayət etmirdi. Köhnə konsepsiyanı dağıtmaq üçün bu istiqamətdə tədqiqatlar aparmaq lazım idi:

1. Türk etnosunun ilkin Atayurdu

2. Azərbaycan arxeologiyasının etnik əsası

3. Türk etnosu fonunda azər xalqının antropologiyası

4. Prototürk dili və dialektləri

5. Protoazər dili və dialektləri

6. Azərbaycanın etnik tarixi coğrafiyası

7. Azər folkloru və mifologiyasında tarixi bəlgələr

8. Azər xalqının tarixi etnoqrafiyası

9. Azər xalqının tarixi onomastikası

10. Qonşu xalqlar və dövlətlərlə qədim əlaqələr

11. Ön Asiyanın ölü dilləri ilə türk dilinin kontaktları

12. Tarixi demoqrafiya

13. Tarixi köçlərin istiqamətini göstərən arxeoloji bəlgələr

14. Azərbaycanda qayaüstü rəsmlər, piktoqram və damğalar

15. Azərbaycanda işlənən yazı tipləri

16. Azərbaycanda qurulan dövlətlərin etnik tərkibi

17. Qədim türk və protoazərlərin qurduğu dövlətlərin özəlliyi

18. Azər xalqının etnogenezi

Əlbəttə, qısa müddətdə bu qədər müxtəlif sahələri əhatə edən problemi tədqiq etmək üçün Ali məktəblərin müvafiq kafedraları, Elmlər Akademiyasının Dil, Tarix, Ədəbiyat, Şərqşünaslıq, Fəlsəfə, Etnoqrafiya və Arxeologiya institutlarının koordinasiya mərkəzi yaranmalı və bu sahələr üzrə planlı şəkildə tədqiqatlar aparılmalı idi. Lakin təəssüf ki, azər xalqının ödədiyi vergilər hesabına yaşayan bu institutların və özəlliklə, direktorların tutduğu mövqe bu işləri görməyə imkan verməmişdir. Adı sıralanan problemlərərin bəzisi köhnə konsepsiyalarla savadsız şəkildə kitabdan-kitaba ötürülməkdədir. Ona görə də, bugünə qədər azər xalqının gerçək tarixini əks etdirən “Azərbaycan taixi” ortada yoxdur. Bu sahəni az-çox dolduran Z. Bünyadov və Y. Yusifovun redaktorluğu ilə 1994-də, S. Əliyarovun redaktorluğu ilə 1996-da nəşr olunan “Azərbaycan tarixi” kitablarıdır. EA-nın 1998-dən başlayaraq, nəşr etdirdiyi son 7 cildlik tarix kitabı isə köhnə konsepsiya ilə yazılmışdır. İlk dəfə bu məsələlərdən geniş danışan Həsən Həsənov “Türkşünaslığın bəzi problemləri” adlı məqaləsində yazır ki, Azərbaycanda türk boylarının məskunlaşması probleminə aid tarix elmində 5 versiya vardır.

Azərbaycan tarixinə aid kitablarda arxeoloji, antropoloji, etnoqrafik, iqtisadi və siyasi hakimiyət məsələləri nisbətən obyektiv tədqiq olunmuşdur. Lakin bu kitablarda xalqın tarixi deyil, regional hökumətlərin və hakim sülalələrin tarixi verilmişdir, halbuki, Dövlət xalqdan, bu xalqın ərazisindən və bu ərazidə iqtisadi-mədəni, sosial və hüquqi məsələləri tənzimləyən siyasi hakimiyətdən ibarətdir. Ona görə də, tarix kitabları “Azər xalqının tarixi” və ya “Azərbaycan xalqının tarixi” adı ilə deyil, “Azərbaycan tarixi” adı ilə çap olunur.

Azərbaycan dövlətlərinin qurulmasında əsas yükü daşıyan xalqın tarixi həmişə kölgədə qalmış, əksər hallarda azər türklərinin qurduğu tarix ayrı millətlərin adı ilə verilmişdir. Ona görə də, “Azərbaycan tarixi” kitablarında əsas mübahisə doğuran məsələ məhz azər xalqının etnogenezi ilə bağlı ortaya çıxmış və müxtəlif elmi konsepsiyaların yaranmasına səbəb olmuşdur. Beləliklə, bir əsr yaşı olan Azərbaycan tarixşünaslıq elmində formalaşmış bir neçə elmi konsepsiyanı üç əsas qrupda birləşdirmək olar:

1-ci konsepsiya: Azərbaycan ən qədim çağlardan azər türklərinin Ata yurdudur. Buradan gedən türklərdən bəzi boylar sonradan Azərbaycana qayıtmış və yerli azərlərlə bu qayıdan türk boylarının konsolidasiyası Azər xalqının yaranması ilə nəticələnmişdir.

2-ci konsepsiya: Bugünkü Azərbaycan xalqı XI əsrə qədər Araz çayından yuxarı qafqazdilli, Araz çayından aşağı irandilli (fars) xalq idi. Bir qrup türk (oğuz) tayfası gəlib, X1-XIII əsrlərdə Azərbaycan əhalisinin dilini dəyişdirmişdir. Həmin çağlardan bugünəcən həm Quzey-Azərbaycanda, həm də Güney-Azərbaycanda “Azərbaycan” dili işlənir.

3-cü konsepsiya: Türk boyları Azərbaycana Orta Asiya və ya Altaydan gəlib. Lakin 2-ci konsepsiya tərəfdarlarının dediyi kimi, ilk gəlmə XI əsrdə yox, daha əvvəl olmuşdur. Belə “əvvəl gəlmə” tarixini deyərkən müxtəlif tədqiqatçılar m.ö. III-minildən IX əsrə qədər ayrı-ayrı çağları nəzərdə tuturlar.

Beləliklə, uç qrupa ayırdığımız bu konsepsiyalardan hansının gerçək duruma daha yaxın olduğunu görə bilmək üçün onların qısa xülasəsini, üstün və qüsurlu cəhətlərini gözdən keçirək.

Birinci konsepsiya (bu konsepsiyanı biz dəstəkləyirik)

Birinci konsepsiya Azərbaycan tarixşünaslığında deyil, ümumiyətlə, Türkologiya və Türk tarixi elmində yenidir. Doğrudur, türklərin ilkin yaranma arealı kimi Aralıqdənizi yaxalarını vaxtilə akad. N.Marr söyləmişdir, lakin bu fikri əsaslandırmaq üçün elmi axtarış aparmamışdır. Çuvaş xalqını (dilini) şumerlərdən qalma sayan həmin yazar bu fikrini də irəli sürdüyü “Yafəs dilləri” nəzəriyəsi və yanlış “dörd ünsür” metodu ilə sübut etmək istəmiş, lakin buna nail ola bilməmişdir. Marrın təsiri altında Türkiyədə yaranan “Günəş” nəzəriyəsi də türklərin Ön Asiya mənşəli olduğunu sübut edə bilmədi, çünki hər iki teoriya yanlış metodlar üzərində qurulmuşdu və ciddi (akademik) elm bu metodlarla alınan nəticələri qəbul edə bilməzdi.

Təəssüf ki, elmdən uzaq belə yanlış metodlara hələ də ara-sıra rast gəlmək olur. Belə ki, türk etnosunun Ön Asiyada qədimliyini güya sübut etmək üçün İkiçayarasına gəlmə xalq olan şumerlər, doğu-qafqazdilli hurri və urartular, hətta, hindavropa dilli hetlər “türk” xalqı kimi verilir. Halbuki, bu adı çəkilən xalqların dilində yazılı mətnlər qalmışdır və bu dillərin heç biri qədim türk dilinin qramatik quruluşuna uyğun gəlmir. Bəzi tipoloji morfem uyğunluqları və ortaq leksik paralellər isə türk boyları ilə bu xalqların kontaktı və türk dili ilə bu dillər arasındakı əlaqənin nəticəsidir. Ən çox şumer-türk paralelliyini ortaya çıxaran Oljas Süleymenov və prof. Nədim Tuna bu paralellərin yalnız kontakt ilə yarandığını yazmışlar. Bu məsələ ilə ciddi məşğul olmayanlar isə türk-şumer qohumluğunu artıq “sübut olunmuş” fakt kimi verirlər. Əlbəttə, Azər xalqının tarixinə bu cür xidmət xeyirdən çox ziyan vurur.

Birinci konsepsiya tərəfdarlarından bəziləri bu problemlə ciddi məşğul olmayadığı üçün bəzən elmi əsası olmayan belə bir fikir irəli sürürlər: “Həm Azərbaycanda, həm də Orta Asiya və Altayda türklər aborigendir”. Yəni bu fikrə görə, türk etnosunun Atayurdu Altaydan Azərbaycana qədər uzanır. Bunu söyləyənlərin etnologiya və qlottogenez elmindən məlumatı olmaması bəllidir və bunların çoxu “Altay dil ailəsi” nəzəriyəsinə inanan şəxslərdir. 250 il bundan əvvəl ortaya atılan bu nəzəriyəyə görə, güya türk dili monqol və tunquz-mancur dilləri ilə qohumdur (bəziləri bura koreya və yapon dillərini də əlavə eir). Halbuki, keçən bu müddət ərzində sübut oluna bilməyən Altay teoriyasına görə, türklər monqoloid irqli tayfalardan ayrılıb, Altaydan Ön Asiyaya gəlmişdir.

Azərbaycan və Altayı ilkin türklərin Atayurdu sayanlar adi bir həqiqəti unudur ki, hər hansı bir şəxs konkret bir kənddə doğulduğu kimi hər hansı bir etnos da konkret bir regionda yaranır. Hər bir protodili formalaşdıran etnos bunu eyni regionda gerçəkləşdirə bilir. Necə ki, protohindavropa etnosu Avropanın mərkəzində, protofinuqor etnosu Uralda, protosami etnosu Ərəbistan yaylasında, protomonqol etnosu Mərkəzi Asiyada öz protodillərini yaradıb, eləcə də, prototürk dili Ön Asiyada ərsəyə gəlib. Bir adam eyni və ya müxtəlif anda iki ayrı yerdə doğula bilmədiyi kimi, bir etnosun da özü və yaratdığı protodil Monqolustan və Azərbaycan kimi bir-birindən uzaq iki müxtəlif regionda yarana bilməz, lakin doğulan uşaq böyüyüb Ata ocağından başqa yerə köçə bildiyi kimi, bir etnos da etnos kimi formalaşandan sonra Ata yurdundan uzaqlaşa bilər. Əlbəttə, burada etnosa qədər dövrdəki insanabənzər məxluqdan yox, etnosun yaranma dövründən söhbət gedir.

Birinci konsepsiyanı dil, mifologiya və tarixi coğrafiya baxımından tədqiq edən prof. F.Ağasıoğlu “Azərbaycan dilinin morfonologiyası” (1988) adlı kitabında və “Proto-azər teonimləri” (1988), “Dil ailəsi və dil ittifaqı” (1989), “Qədim alınmalarda etnolinqvistik məlumat”(1989) adlı məqalələrində türk etnosunun Atayurdunun Ön Asiyada olduğunu yazmış, “Azər xalqı” (2000) adlı kitabında bu məsələlər daha ətraflı verilmişdir. Birinci konsepsiya onun Azər türklərinin İslamaqədərki tarixinə aid yazıb tamamladığı və artıq 9 tomda çap üçün hazır olan “Doqquz bitik” (2002) adlı kitabında Türkologiya və Türk tarixçiliyi elmində ilk dəfə elmi sistemə salınmışdır. Burada qədim türk tarixi arxeologiya, antropologiya və tarixi qaynaqlar üzrə verilmiş, tarixi çoğrafiya, İslamaqədər Azərbaycanda qurulan qədim dövlətlər, tarixi etnoqrafiya, tarixi onomastika, mifologiya və folklorda tarix, dilin tarixi, azər xalqının etnogenezi məsələləri tədqiq olunmuşdur. Azərbaycanda m.ö. III-I minillərdə Subar eli, Subar bəyliyi, Kuman bəyliyi kimi bir neçə qədim türk dövlətinin tarixi ilk dəfə bu kitabda verilmiş, Lulu, Quti, Turuk dövlətlərinin etnik əsası geniş şərh olunmuşdur.

Birinci konsepsiya “Doqquz bitik” əsərinndə belə görünür: Avropoid irqin Aralıqdənizi tipinə aid olub, Carmo, Xasun, Xalaf, Quzey-Ubeyd və Kür-Araz arxeoloji kulturunun daşıyıcıları kimi Ön Asiyada formalaşmış Prototürk etnosunun prototürk dili (və dialektləri) m.ö. IV minilin ortalarında dağılmağa başlayır. Elə bu çağlardan prototürk dialektlərində danışan tayfaların miqrasiyası başlanır. Onların böyük bir hissəsi Azərbaycandan Orta Asiya, Güney-Sibir və Altay istiqamətində doğuya, Quzey-Qafqaz istiqamətində isə quzeyə miqrasiyası edirlər. Arxeoloji bəlgələr, kurqan kulturu, sənət əsərləri bu miqrasiyaları təsdiq edir. Doğuya getmiş türklər orada monqollarla uzun müddət iç-içə yaşadığından bəzi türk boylarında antropoloji tipində monqoloid cizgilər yaranır. Protoazər boylarının yayıldığı Dərbənd-Tiflis-Ərzurum-Mosul-Kərkük-Həmədan-Bakı-Dərbənd xətti ilə əhatə olunan ərazilər azər xalqının etnik tarixi coğrafiyasıdır. Doğu və quzey yönlərə getmiş türklərin müəyən qismi saqa-qamər (skit-kimmer), hun, avar, suvar, qıpçaq, oğuz və sair adlarla Azərbaycana və Anadoluya qayıdır. Azərbaycana qayıdan soydaşları ilə qovuşan azər boyları artıq yeni eraya formalaşmış Azər xalqı kimi daxil olur.

Birinci konsepsiyanın üstün cəhətlərindən biri də budur ki, indiyəcən cavabını tapmayan bir sıra haqlı suallar burada məntiqi cavabını tapır. Belə ki, həm batıda, həm də doğuda qədim dil əlaqələri ilə ortaq sözlərın yaranma səbəbi, doğuya olan miqrasiyanı əks etdirən arxeoloji, antropoloji bəlgələr elmi cəhətdən izah oluna bilmək imkanı qazanır.

İkinci konsepsiya

Bu konsepsiyanın iki əsas tezisi vardır:

1. Azərbaycanlılar yerli xalqdır;

2. Azərbaycanlıların danışdığı dil gəlmə dildir.

Göründüyü kimi, birinci tezis yuxarıda gözdən keçirilən birinci konsepsiya ilə uyğundur. Ona görə də, bu məsələ üzərində dayanmağa ehtiyac yoxdur. İkinci tezis isə bu konsepsiyanın əsas nöqsanıdır. Avropa, Sovet və İran tarixşünaslığında formalaşan ikinci konsepsiyanın Azərbaycandakı tərəfdarlarının həm Quzey-Azərbaycanda, həm də Güney-Azərbaycanda “məktəbi” yaranmışdır, güneydə bu məktəbin başında azər türklərindən olan Kəsrəvi başçılıq edirdi, quzeydə isə prof. İqrar Əliyev başçılıq edir.

Kəsrəvi ölümünə yaxın şah rejimi tərəfindən satın alındığını və azər türklərinin mənşəyi haqqında xüsusi sifarişlə yazdığı kitabda tarixi gerçəkliyə qara yaxdığını, azər (azəri) xalqına qarşı törətdiyi günahlarını etiraf etdi. Azər türkü olmayan İqrar Əliyev isə çörəyini yediyi xalqın tarixinə ləkə yaxmaqda davam edir və bu xidmətinə görə “şərəf” ordeni də aldı.

İkinci konsepsiyanın ikinci tezisinə görə, Arazdan aşağıda yaşayanlar irandilli olmuşlar. Orta Asiyadan gələn səlcuqlar XI əsrdə bunların dilini dəyişdirmiş və bu irandilli tayfalar dönüb azərilər olmuşlar. Lakin İranşünaslıq elmi irandilli boyların Güney-Azərbaycana gəlişini m.ö. VIII əsrdən sonra başlanmasın artıq elmi konsepsiya kimi qəbul etmişdir. Bu elmi fakt qarşısında qalan ikinci konsepsiya tərəfdarları çıxış yolunu bunda görürlər ki, belə desinlər: vaxtilə “naməlum” dillərdə danışan əhali irandilli tayfaların gəlişindən sonra “irandilli” oldular, türklər gələndən sonra isə “türkdilli” oldular.

Doğrudur, Güney-Azərbaycanda bəzi kiçik bölgələrdə “farslaşma” və “türkləşmə” olmuşdur, lakin bu epizodik halların bütöv region əhalisinə şamil edilməsi absurddur. Belə ki, bir xalqın iki dəfə dilini dəyişməsi nadir haldır. Məsələn, mazandaranlılar, talışlar, lurlar, bəzi kürd tayfaları və bəlucların farslaşması gerçək faktdır, lakin onların dönüb türk olması faktı yoxdur. Həm də, ikinci konsepsiya tərəfdarları “türkləşmə” olayını o çağa aid edirlər ki, onda Azərbaycanda din və elm sahəsində ərəb dili üstün mövqedə idi və ədəbiyatda fars dili təkcə farsların deyil, türklərin də içində çiçəklənmə dövrünü yaşayırdı, hakimiyətdə olan səlcuqlar türk dilini deyil, fars dilini yayırdılar. Bu durumda irandilli əhali necə türkləşə bilərdi?

Quzey-Azərbaycan əhalisinin etnik tərkibi də eyni metodoloji nöqsanla şərh olunur. Güya Aran, Alban adları ilə tanınan Arazdan yuxarı ərazilərin əhalisi qafqazdilli imiş, sonradan türkləşib. Yəni biz azərlər qafqazdilli xalq olmuşuq. Əgər bu, doğrudan da belədirsə, niyə “babalarımızın” dilindən heç olmasa, bircə söz dilimizdə qalmayıb? Necə olur ki, bu “türkləşən” xalqın sazı-sözü, folkloru, mifologiyası, etnoqrafiyası quzey bölgələrdə iç-içə yaşadığı qafqazdilli xalqlarla deyil, Arazdan aşağıda yaşayan “türkləşmiş irandilli” azərlərlə eynidir? Əlbəttə, ikinci konsepsiyanın tərəfdarları bu suallara cavab tapmır. Ona görə də, Alban dövlətinin tarixini həmin çağda Azərbaycanda yaşayan saqa, qamər, azər//xəzər, subar, alban, qarqar, kəngər, gögər, maskut, hun və sair türk boylarının deyil, bir ovuc qafqazdilli udi boynun tarixi kimi qələmə verirlər.

Hər hansı bir məsələnin mahiyəti o vaxt obyektiv açıla bilir ki, onun öyrənilməsinə ayrı-ayrı baxış bucaqlarından yanaşma imkanı olsun. Bu baxımdan, Azərbaycanın qədim tarixini tədqiq edən tarixçilərin türkologiyadan və bu mövzuya baş vuran türkoloqların da tarix elmindən uzaq düşməsi, üstəlik mifoloq, dilçi və etnoqrafların həmin tarixdə yalnız öz sahələrinə aid mövzuları araşdırması eyni durumun müxtəlif yozumuna və ziddiyətli şərhlərinə səbəb olmuşdur. Bunun nəticəsi kimi, Azərbaycan tarixşünaslığında dərin kök salan belə bir yanlış fikir yaranmışdı ki, guya qeyri-müəyən dillərdə danışan Azərbaycan əhalisi türk dilində XI əsrdə səlcuqların gəlişindən sonra danışmağa başlamışlar. Bu elmdən uzaq fikri irəli sürənlər son illərdəki araşdırmalarda Azərbaycanda qədim türklərlə bağlı faktlar ortaya çıxdıqca “türkləşmə” tarixini addım-addım geri – öncə IX, sonra VII, daha sonra isə II əsrə qədər qədimə çəkməli oldular. Daha ayıqları isə m.ö. VII-II əsrlər arasında da burada turkcə danışan boyların olduğunu qəbul etdi. Lakin daha qədim qaynaqlardakı bəlgələr tez-tez fikrini dəyişən tarixçilərin hələ də yanlış yolda olduğunu göstərir.

İkinci konsepsiya tərfdarlarının istinad etdiyi yeganə “elmi” dəlil Altay nəzəriyəsi və bu nəzəriyəyə görə, türklərin Atayurdunun Altay olması fikridir. Bu nəzəriyənin isə subut olunmamış bir fərziyə olduğu bəllidir və bu sahə ilə məşğul olan tanınmış komparavist türkoloqlar son iyirmi ildə Altay dil birliyindən imtina etmişlər.

Üçüncü konsepsiya.

Türk etnosunu yerli xalq saymayan “gəlmə türklər”, “türkləşmə” konsepsiyası Azərbaycan tarixçiliyində dərin kök salmışdır. İlk dəfə bu konsepsiyaya qarşı dövlət səviyəsində akademik-katib M.Cəfərovun rəhbərliyi altında Azərbaycan Elmlər Akademiyasında dilçi-tarixçi alimlərin birgə keçirdiyi elmi-nəzəri müşavirədə (1984) kəskin münasibət bildirilərək, mövcud qüsurlu konsepsiyanın islah edilməsi təklif olunmuş, Azərbaycanda yerli və bura qayıdan türk boylarının qovuşması ilə m.ö. I minilliyin ortalarında azər-türk dilinnin formalaşması konsepsiyası irəli sürülmüşdür. Bu haqda informasiyanın dövlət mətbuatında dərc olunması azər türklərini aborigen sayan, bu sahədə dəyərli əsərlər yazan alimlərdə daha dərin axtarışlara baş vurma ovqatını artırmış, ayrı-ayrı elm və tədris ocaqlarında etnogenezə dair elmi seminarlar keçirilmişdir. Əgər 1984-dəki müşavirədə bizim əlimizdə çox az fakt vardısa, indi bu sahədə əldə olunan elmi dəlil və sübutlar böyük bir sistem təşkil edir. Bu yöndə başqa türk xalqlarının da tarixini araşdırıb dəyərli əsərlər yazan alimlər vardır.

Bu konsepsiya tərəfdarları hələ də köhnə “Altay nəzəriyəsi” təsiri altındadırlar. Ona görə də, bir əldə iki qarpız tutmaq istəyənlər kimi, bir yandan şumer-türk qohumluğunu (və ya əlaqəsini), digər yandan monqol-türk qohumluğu fikrini söyləyirlər. Bu, daha çox Türkiyə və Azərbaycan alimlərindən bəzisinin prinsipidir. Hətta, Doğuda Anau, Afanasyev, Andronov və Taqar kulturunda türk izini görən Türkiyə tarixçilərinin çoxu belə güman edir ki, Altay və Orta Asiyadan türklər Azərbaycan və Anadoluya gəlmişdir. Lakin bu tarixçilər adı çəkilən arxeolji kulturların doğudan batıya deyil, batıdan doğuya aparıldığını yəqin ki, bilmirlər. Əgər bu arxeoloji abidələri tapıb tədqiq edən rus alimlərinin əsərləri ilə tanış olsaydılar, belə yanlış mövqe tutmazdılar.

Yekun

Beləliklə, Azərbaycan tarix elmində bugün mövcud olan hər üç konsepsiya gözdən keçirildi və bunlardan hansının elmdə möhkəmlənəcyi yaxın gələcəkdə bəlli olacaq. İkinci və üçüncü konsepsiyaların perspektivsizliyi artıq indidən bəllidir, çünki bu sahədə göstərilən cəhdlər elmə yeni heç nə gətirmir, faktoloji resursu da tükənib. Yalnız birinci konsepsiya Azərbaycan və ümumiyətlə Türkologiya və Dünya tarixi üçün yeni üfüqlər açır. Birinci konsepsiya ilk addımlarını atsa da, əvvəllər izah oluna bilməyən bir çox məsələlər artıq bu konsepsiyada məntiqi izahını rahatca tapır.

Hər hansı bir elmdə tədqiq olunan mövzudan asılı olaraq, münasib axtarış metodu seçmək imkanı olur. Bu prosesdə tədqiqatçının hazırlıq dərəcəsi, bilik səviyəsi, eridusiyası, məqsədi, məsələni hansı tutumda qoyma bacarığı və müxtəlif metodlarla tanışlığı böyük rol oynasa da, mövzunun xarakteri müəyən metodların istifadəsini zəruri edir. Bizim mövzu konkret bir xalqın tarixi ilə bağla olduğundan etnos problemini müxtəlif yönlərdən öyrənən etnoqrafiya, tarix, arxeologiya, kulturologiya, antropologiya, genetika, sənətşünaslıq, filologiya, psixologiya, sosiologiya, demoqrafiya, ekonomika elmlərinin müəyən bölmələri və etnolinqvistika, etnobiologiya, etnoantropologiya, etnogenetika, etnocoğrafiya, etnopsixologiya kimi yeni elmlərarası sahələr və artıq sınaqdan çıxıb formalışmış etnologiya, etnogenez elmlərinin verdiyi bilgiləri nəzərə alaraq, Azər tarixinə müxtəlif elmlərdə istifadə olunan diaxronik, retrospektiv, deduktiv, tipoloji, tarixi-müqayisəli, qlottogenez, areal dmlçiliyi metodlarından istifadə etməklə bütövlükdə mövzunun öyrənilməsinə komples metodologiya tətbiq etmək lazım gəlir.

Azərbaycanın arxeoloji kulturu Avropa, Misir, Şumer, Monqolustan kulturundan qədim olduğu kimi, türk dilinin tarixi də şumer, asur, monqol dillərindən qədimdir. Başqa dil ailələrindən fərqli olaraq, Türk dil ailəsində protodil çağı inkişaf və təkmilləşmə dövrünü tam başa vurandan, dilin quruluşunda yaranan mükəmməl mexanizm tam sistemə oturandan sonra ilk böyük miqrasiyalarla ayrı-ayrı bölgələrə dağılmışdır. Qlottogenez metodikası ilə əldə olunan bilgi geologiya elmi ilə də təsdiqini tapır. Şumer ərazisində əvvəllər insan yaşamadığı kimi, Latviyada da ilk insan izinin tarixi 10 min ildən o yana keçmir. Azərbaycan arxeoloju kulturu çiçəklənəndə Avropa hələ buzlaqlaşma dövrünü yaşayırdı. Türkkoloqların bizi aparıb bağlamaq istədiyi Altayın paleoltit çağı isə Azərbaycandakı analoji çağdan azı 4-5 minil geri qalır.

XX əsrdə humanitar elmlərin daxili bölmələr üzrə diferensiallaşma dəbi klassik şərqşünas, tarixçi, filoloq, türkoloq alimlərin sayını get-gedə azaltdı. Elmlərin ayrılması bir tərəfdən öz daxili bölmələrinin dərindən tədqiqi sayəsində dilçilik, tarix, mifologiya, ədəbiyat, türkologiya elmlərinin uğurlu inkişafı ilə, digər tərəfdən yarımbölmə üzrə ixtisaslaşan alimin “cırlaşması” ilə nəticələndi. Ona görə də, indi bir neçə humanitar elmin işığında aparılan tədqiqat əsərləri yox dərəcəsindədir. Güman edirik ki, burada istifadə etdiyimiz kompleks metodika Azərbaycan arxeologiya elmində etnik atributlar sisteminə söykənən yeni etnoloji metodun formalaşmasına da yardım edə bilər.

Müxtəlif elm sahələrinin baxış bucağı altında görünən bəlgələrin dialektik əlaqəsi yönündə Azər tarixinin kompleks metodologiya ilə öyrənilməsi irəli sürülən konsepsiyanın elmi əsasa oturmasına, qarşıya qoyulan məqsədin gerçəkləşməsinə imkan verir. Bu metodikanın uğuru milli və yabançı qaynaqların hansı tutumda tədqiqata cəlb olunmasından da çox asılıdır.

(“Azərbaycan xalqının tarixi” bölməsi)



Hakkında Firudin Ağasıoğlu prof.Dr. eski egitim bakanı

Cəlilov Firudin Ağasıoğlu
6 may 1947-ci ildə Vеdibasarda doğulan F.A.Cəlilov orta məktəbi Bakıda bitirib (1966), BDU-nun filologiya fakül¬təsində ali təhsil almışdır. 1972-1994-cü illərdə BDU-nun Azərbay¬can dilçiliyi kafеdrasında laborant, müəllim, dosеnt və profеs¬sor və¬zi¬fələ¬rin¬də işləmişdir. O, pеdaqoji fəaliyyətlə yanaşı еlmi araş¬dır¬malarla da məşğul olmuş, mürək¬kəb cümlə sintaksisindən na¬mi¬zədlik (1978) və dilçilik еlminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonolo¬giya mövzusunda dok¬torluq (1989) dissеrtasi¬yası mü¬da¬fiə еtmişdir. Türk dillərinin morfonologiya¬sına aid yazdı¬ğı monoqrafiya (1988) Türkiyə univеrsitеtlərində dərs vəsaiti kimi istifadə olunur.
F.Cəlilov türk dillərilə yanaşı, türk xalqlarının tarixi, mi¬fo¬logiyası və еtnoqrafiyası haqqında 300-dən çox еlmi məqalə və 20-dən artıq kitab yazmış, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olun¬muşdur. Onun «Azərbaycan dilinin morfonologiyası» (1988) kita¬bına bu sahədə təkcə Azərbaycan dilçiliyində dеyil, türkologiya¬da ilk və yeganə fundamеntal tədqiqat işi kimi Bеy¬nəlxalq Türko¬loji qurul¬tay (1996) adından ödül vеrilmişdir.
Quzеy və Günеy Azərbaycan türklərinin bu torpaqlarda avtoxton xalq kimi 4-5 minillik dövlətçilik tarixi olduğunu və Altay teoriyasına qarşı Urmu teoriyasını irəli sürən F.Cəlilov bu еlmi konsеpsiyanın tərəfdarları ilə birlikdə dəfələrlə еlmi sеminarlar təşkil еtmiş, Qahirə, Vaşinqton, Nyu¬york, Paris, Ankara, Istanbul və sair şəhərlərdə bu konsеpsiya haqqında məruzələr еtmişdir. Həmin məruzə¬lərin və bu sahədə yazılan məqalələrin bir qismi onun «Azər nalqı» (2000) adlı kitabında yеr almışdır. Türk еtnosunun Mərkəzi və Orta Asiyada dеyil, Azərbaycanı da içinə alan Ön Asiyada yaranıb, buradan müxtəlif istiqamətlərə miqrasiya еtməsi və sonralar onlardan bir qisminin Azərbaycana qayıtması haqqında onun irəli sürdüyü yеni еlmi nəzəriyə (Urmu nəzəriyəsi) artıq bir sıra alimlərin dəstəyini qazanmışdır. O, həftədə iki saat Urmu nəzəriyyəsinin elmi əsasları haqqında Gün.Az TV-də canlı veriliş aparır. Onun son 30 ildə bu sahədə apardığı еlmi tədqiqat Azərbaycan xalqı¬nın Islamaqədərki tarixin¬ə aid 9 cilddə yazdığı kitabların («Doqquz Bitik») əsasını təşkil еdir.
F. Cəlilov еlmi-pеdaqoji fəaliyəti ilə yanaşı ictimai-siyasi fəaliyətlə də məşğul olmuşdur. Digər ziyalılarla birlikdə 1986-dan gizli fəaliyət göstərən və 1988-ci il nümayişlərini təşkil еdən «Varlıq» təşkilatının qurucusu, lеqal fəaliyyətdə olan «Cənlibеl» təşkilatı tədbirlərinin iştirakçısı, «Dirçəliş günü» kimi tarixə dü¬şən 17 noyabr- 4 dеkabr (1988) mitinqində nümayiş komitəsinin sədri, «Qarabağa Nalq Yardımı komitəsi»nin qurucularından biri və rеspublikada ilk dеmokratik ruhlu «Azər¬baycan» qəzеtinin rеdak¬siya hеyətinin üzvü,«Dövlət Əlifba komissiyası»nın (1990) rəh¬bəri F.Cəlilov 1990-da millət vəkili və Milli Məc¬lisdə «Еlm, təhsil və mədəniyət komissiyası»nın sədri sеçilmiş¬dir.
Onun rəhbərliyilə bu komissiyada hazırlanmış Təhsil qa¬nu¬nu (1993) kimi mütərəqqi qanunlar, o cümlədən dövlət atri¬but¬¬¬la¬rın¬dan latın qrafikalı əlifbanın bərpası (1991), dövlət himni (1992) parlamеntdə qəbul olunmuş¬dur. Azərbaycanın müstəqil¬lik aktına (1991) imza atanlar sırasında olan F.Cəlilov Azərbay¬can rеspub¬likasının SSRI tərkibindən çıxmasına səs vеrən 43 dеputatdan biridir.
1991-1993-cü illərdə bir sıra dövlət vəzifəsində – Təhsil na¬zi¬rinin müavini, Baş nazirin müavini, Təhsil naziri işləyən F.Cə¬li¬lov müstəqil dövlətin qurulması, dövlətçilik yolunda aktiv işti¬rak еtmiş, onun təşəbbüsü və rəhbərliyi ilə təhsil sistеmində bir sıra islahatlar aparılmışdır. MDB məkanında ilk dəfə olaraq Tеst imtahanının tətbiqi (1992) onun səyi ilə gеrçəkləşmiş, AAK (Ali Attеstasiya komitəsi) onun təşəbbüsü ilə yaranmış, Təhsil nazir¬li¬¬yində qısa müddətdə yеni proqramlar və 70-dən artıq milli dərs¬lik yazılıb nəşr еdilmişdir. 1992-də onun təşəbbüsü və rəh¬bər¬liyi ilə ilk dəfə tеst imtahanından kеçən 2000 tələbə Türkiyə təhsil ocaqlarına göndərilmişdir.
Xarici ölkələrdə kеçirilən еlmi qurultay və simpozium¬larda, siyasi toplantılarda onun məruzələrinin əsas mövzusu dilin saflı¬ğı, xalqın gеrçək tarini, еtnik tolеrantlığı və Qarabağ ağrıları olmuşdur. Dünya türkoloqları F. Cəlilovu ümumtürk əlifbasının layihəsini hazırlayan və ilk dəfə həmin əlifbanın Azərbaycanda gеrçək¬ləşmə¬sinə nail olan görkəmli türkoloq kimi də tanıyırlar.
F.Cəlilov türkologiya sahəsindəki xidmətlərinə görə Ata¬tür¬kün qurduğu Türk Dil Kurumunun müxbir üzvü (1996), sonra fəxri üzvü (2000) sеçilmişdir. «Türk Ocağı» ona bilgə sanı vеr¬miş¬dir. O, təhsil sahəsində apardığı islahatlara görə akad. Yusif Məm¬mədəliyеv adına ödül almışdır. Xalq arasında islahatçı pe¬daqoq və maarifçi siyasi xadim kimi tanınan F.A.Cəlilovun vətənsevər ziyalı alim imici vardır.
F.A.Cəlilovun yazdığı kitablar:
1. Azərbaycan dilindən çalışmalar (1977)
2. Azərbaycan dilinin səs quruluşu (1983)
3. Mürəkkəb cümlə sintaksisi (1983)
4. Azərbaycan dili morfonologiyasından oçеrklər (1985)
6. Azərbaycan dilinin morfonologiyası (1988)
7. Morfonolojik rеkonstrüksyon vе еtimoloji (Izmir, 1993)
8. Azər xalqı (2000, 2005)
9. Türk еlləri. Saqa-qamər boyları (2006)
10. Tanrı еlçisi Ibrahim (2007); (Türk dilində, 2009)
Ortaq müəlliflə yazdığı kitablar:
11. Oğuz qrupu türk dillərinin müqayisəli qrammatikası (1986)
12. Azərbaycan dili (1989)
13. Azərbaycan dilinin qramеri (Təbriz, 1992)
14. Bəs türkcəsi? (1992)
15. Türkcə-rusca-ingiliscə danışıq kitabçası (1993)
Nəşriyyata təqdim etdiyi kitablar.
16. Azərbaycanda Saqa dövləti. Dış Oğuz eli. (2007)
17. Xəzərlər. (2008)
18. Etrusk – Türk bağı (2009)
19. Sumer – Türk əlaqələri (2009)
Çapa hazır olan çoxcilidli «Doqquz Bitik» əsərini təşkil еdən 9 kitab:
20. I Bitik. Tarixi qaynaqlar (1995)
21. II Bitik. Tarixi coğrafiya (1997)
22. III Bitik. Azərbaycanda qu¬rulan qədim ¬dövlətlər (1997)
23. IV Bitik. Tarixi еtnoqrafiya (1998)
24. V Bitik. Mifologiyada tarix (1999)
25. VI Bitik. Folklorda tarix (1999)
26. VII Bitik. Azər dilinin tarixi (1999)
27. VIII Bitik. Tarixi onomastika (2000)
28. IX Bitik. Azər xalqının soykökü (2000)

İlginize teşekkürler


Tayfur köyü antik Trakyen tahtı

Trakyen yarımadası Tayfur köyünde Trakyenlerden günümüze tarih

Çanakkale Trakyen yarımadası ( Thracian Chersonesos) Tayfur köyü mübadele Türklerinin Rumlardan kalma köyüdür. Kaya oyma Trakyen …


Çok yaşlı dut ağacı- Karainebeyli

Gelibolu Karainebeyli Kalaycı dede antik alanı

Kalaycı dede  antik alanı Gelibolu  Karainebeyli köyü Kara Nebi antik mezarlığı yakınındadır. Kalaycı dede  antik …

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir




*


Hakkında antikor