Azerbaycan Devlet Konsevatuvarı Öğretim görevlisi Sayın Doç.Dr. Arzu Quliyeva’nın Türk Müziği ile ilgili Azerbaycan Halk raks Musikisi isimli kitabı çıktı.

Ev / Genel / Azerbaycan Devlet Konsevatuvarı Öğretim görevlisi Sayın Doç.Dr. Arzu Quliyeva’nın Türk Müziği ile ilgili Azerbaycan Halk raks Musikisi isimli kitabı çıktı.

Azerbaycan Devlet Konsevatuvarı Öğretim görevlisi Sayın Doç.Dr. Arzu Quliyeva’nın Türk Müziği ile ilgili Azerbaycan Halk raks Musikisi isimli kitabı çıktı.

Azerbaycan Devlet Konsevatuvarı Öğretim görevlisi Sayın  Doç.Dr. Arzu Quliyeva’nın Türk Müziği ile ilgili Azerbaycan Halk raks Musikisi isimli kitabı çıktı.

( Doç.Dr. Arzu QULİYEVA )

İletişim: arzu.guliyeva@yahoo.com

ÖN SÖZ

Azərbaycan xalqı zəngin musiqi sənəti ilə tanınır. Tarixən qədim dövrlərə aid olan xalq musiqisi mədəniyyətimizin ayrılmaz hissəsini təşkil edir. Xalqımızın milli mədəni sərvəti əsrlər boyu damla-damla toplanmış, şifahi şəkildə nəsillərə ötürülərək müasir dövrümüzə qədər öz mövcudluğunu qoruyub saxlamışdır.

Xalq rəqsləri şifahi ənənəli professional musiqinin əsas janrıdır. Bu musiqi incisi çoxəsrlik tarixə malikdir. Arxeoloji və ədəbi mənbələrdə rəqs sənəti haqqında dəyərli məlumatlar bunu təsdiq edir. Bakı yaxınlığındakı Qobustan qoruğunda qədim rəqslərdən xəbər verən qaya təsvirləri alimlər tərəfindən aşkar edilmişdir. Rəqs fiqurları, daha doğrusu, “Yallı”ya bənzər rəqsin təsviri bu sənət növünün təxminən 8-10 min il bundan əvvəl mövcud olduğunun göstəricisidir. Həmçinin Cingirdağda və Böyükdaş dağındakı “Qaval daş”ın rəqsi müşayiət edən zərb musiqi aləti kimi istifadə edildiyi zənn edilir. Qədim insanlar tonqal ətrafında toplaşaraq, qavaldaşın müşayiəti ilə “Yallı”, “Çöppü” rəqslərini gedərmişlər1.

Onu da qeyd edək ki, çalğı alətləri yaradılana qədər qədim insanlar vokal müşayiət altında yallıları rəqs edirdilər. Daha sonrakı mərhələdə instrumental müşayiətli yallılar üstünlük təşkil etmişdir. Bu da Qobustan abidəsində saza bənzər alətdə çalan musiqiçinin təsvirində öz təsdiqini tapır.

Ölməz sənət nümunələri yaratmış Azərbaycanın məşhur şair və rəssamlarının yaradıcılığında da rəqs sənətinin təsviri müəyyən yer tutmuşdur. Dahi Azərbaycan şairi Nizami Gəncəvi saray rəqsləri barədə məlumat vermişdir. Öz qiymətli əsərlərində “rəqs” sözünü ilk dəfə Nizami Gəncəvi işlətmiş və oyunun rəqsə necə keçdiyini də təsvir etmişdir.

Eyni zamanda, XVI əsrdə yaşamış Soltan Məhəmməd Təbrizinin “Ov səhnəsi” adlı miniatür rəsmində kişilərdən ibarət kollektiv rəqs “Yallı” əks olunmuşdur.

Rəqslər xalq musiqisinin ayrilmaz tərkib hissəsidir. Birbaşa xalq məişəti ilə bağlı olan rəqs musiqisi əsrlərlə yaşamış, inkişaf etmiş və insanların həyat tərzini, zövqünü, psixologiyasını, daxili aləmini ifadə etmişdir. Rəqslər bayram şənliklərinin, toy mərasimlərinin bəzəyidir. Oynaq ritmi, xoş avazı xalq rəqslərini

1Çöppü-arxaik sözlərimizdəndir. Bu sözün mənası yallıyabənzər, kollektiv oyun deməkdir. Bax: A. Nəcəfzadə. Azərbaycan idiofonlu çalğı alətləri. (orqanoloji-tarixi tədqiqat.) Bakı-2010, səh. 38

daim yaşadır. Xalq mərasimlərini əlbəttə ki, rəqslərsiz təsəvvür etmək mümkün deyildir.

Rəngarəng janrlı rəqslər xalq tərəfindən yaransa da, əsrlərin sınağından keçmiş bu mədəniyyət incisinin müəyyən qismi unudularaq müasir dövrümüzə gəlib çıxmamışdır. Burda dahi bəstəkar, musiqişünas-alim Üzeyir Hacıbəylinin fikri yerinə düşərdi. Çünki daim Azərbaycanın musiqi və ictimai-siyasi həyatına biganə qalmayan Üzeyir bəy bütün dövrlər üçün aktual olan məsələlərə toxunmuşdur: “Hal-hazıra qədər Azərbaycan xalqının bir çox el nəğmələri və rəqsləri aradan çıxaraq, get-gedə əhali arasında intişar tapmayıb, axırda əskilir. Onların yerinə yeni-yeni şeirlər gəlir. Hərgah biz istəsək bir neçə il bundan qabaq Azərbaycanda oxunan mahnılardan xəbərdar olaq, ola bilər ki, onları xatırlaya bilməyək. Buna səbəb musiqi əsərlərini toplamamağımızdır.

Əgər aləmi-musiqidən xəbərdar olsaydıq, o vaxt bu nəğmələri toplayıb, gözəl bir el nəğmələri məcmuəsi düzəltmək mümkün idi”2.

Ü. Hacıbəylinin dəyərli fikri dövrünün musiqişünas və bəstəkarları qarşısında məsuliyyətli vəzifə qoydu. Azərbaycan Dövlət Konservatoriyası tərkibində Bülbülün rəhbərliyi ilə Elmi Tədqiqat Musiqi Kabineti yaradıldı. Xalq musiqi nümunələrini toplamaq məqsədilə bir çox musiqişünas və bəstəkarlarımız bu işə cəlb olunaraq, Azərbaycanın müxtəlif rayonlarına ekspedisiyalar edərək folklor nümunələrini nota yazmışlar. Bunun nəticəsində xalq musiqisini əhatə edən bir çox məcmuələr işıq üzü görməyə başladı.

Rəqs musiqisindən ibarət ilk məcmuəni isə ilk dəfə 1937-ci ildə görkəmli bəstəkarımız Səid Rüstəmov toplayıb nəşr etdirmişdir. Bu, rəqs musiqisinin yazıya alınmasının ilk nümunəsi kimi xalq musiqi yaradıcılığı tarixinə daxil oldu.

Sonrakı illərdə xalq rəqslərindən ibarət bir sıra məcmuələr meydana gəlmişdir. 1951-ci ildə bəstəkarlar Tofiq Quliyev, Zakir Bağırov və musiqişünas Məmməd Saleh İsmayılovun “Azərbaycan xalq rəqsləri” məcmuəsi də Səid Rüstəmovun redaktorluğu ilə çap edildi. 1960-1980-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun “Xalq musiqisi” şöbəsi

2 Bax: Üzeyir Hacıbəyli. “El musiqisi haqqında “məqaləsi. Əsərləri II cild. Bakı- Yazıçı, 1985. səh.183-184

tərəfindən ardıcıl olaraq ekspedisiyalar keçirilmiş və bunun nəticəsində rəqs məcmuələri nəşr edilmişdir. Onlardan Bayram Hüseynlinin 1965 və 1966-cı illərdə çapdan çıxmış 2 dəftərdən ibarət “Azərbaycan xalq rəqs melodiyaları” (yallı və halaylar) toplusunu göstərə bilərik. 1975 və 1984-cü illərdə Əhməd İsazadə və Nəriman Məmmədovun “Azərbaycan xalq mahnıları və oyun havaları” məcmuələri işıq üzü görmüşdür. 2002-ci ildə çap olunmuş Rauf Bəhmənlinin “Azərbaycan xalq rəqsləri” məcmuəsi də qeyd olunmalıdır. Bütün bu not nəşrlərindəki xalq rəqsləri Azərbaycanın bir sıra bölgələrindən toplanmış, professional musiqiçilərin ifasından nota yazılmışdır. Əlbəttə ki, bu adlarını sadaladığımız rəqs məcmuələri qiymətli əyani vəsait kimi qeyd olunmalıdır. Rəqs melodiyalarından ibarət bu məcmuələrin həm praktiki, həm də elmi əhəmiyyəti böyükdür.

Bizim təqdim etdiyimiz hazırki dərs vəsaiti Azərbaycan Milli Konservatoriyasında “İnstrumental muğam” kafedrasının tədris planına uyğun olaraq, “Rəqs musiqisi” fənninin proqramı üzrə tərtib edilmişdir. Bu fənn Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kəriminin təşəbbüsü ilə 2008- ci ildən tədris olunmağa başlamışdır. Fənnin tədrisi prosesində tələbələr rəqslərin qədim və müasir nümunələrini öyrənir, onların yaranma tarixi haqqında məlumatlara da yiyələnirlər. Eyni zamanda professional sənətkarların ifasında yaranmış müxtəlif rəqs variantları ilə də tanış olurlar.

Onu da qeyd edək ki, digər musiqi təhsil ocaqlarında “Rəqs musiqisi” xüsusi fənn kimi tədris planına daxil deyildir. Xalq çalğı alətləri ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş “Rəqs musiqisi” fənni 3 semestr ərzində aparılır. Birinci semestrə 30 rəqs, ikinci semestrə 30, üçüncü semestrə isə 45 rəqs daxil edilmişdir.

Əlbəttə, fənnin tədrisi hələ yenidir. Zaman keçdikcə daha məqsədyönlü fikir və tənqidi yanaşmalarla da qarşılaşmaq ehtimalı var. Bu da təbii haldır. İllərin təcrübəsi və tədris prosesi bunu tələb edir.

Təqdim olunan dərs vəsaitində 60 rəqs havası toplanmışdır. Kitab dərslik kimi nəzərdə tutulduğu üçün son səhifələrdə tələbələr üçün bura daxil edilən müəyyən rəqslər haqqında bilgilər vermək məqsədilə “Qeyd” bölməsi də yazılmışdır. “Qeyd” bölməsində rəqslərin yaranma tarixi, adları, hansı ifaçıların çalğısından toplandığı izah edilir. Onu da qeyd edək ki, bu məcmuədəki rəqslər xüsusi olaraq hər hansı bir regiondan ekspedisiyalar nəticəsində nota

yazılmamışdır. “Rəqs musiqisi” fənninin hazırki təfsirçisi, məsləhətçisi, mahir qarmon ifaçısı Aydın Əliyevin çalğısından nota yazılmışdır. O da öz növbəsində qarmon ifaçıları – Əhəd Əliyev, Teyyub Dəmirov, Abbas Abbasov, Səfərəli Vəzirov, Məmmədağa Ağayev, Səttar Hüseynov, Zakir Mirzəyev, Aftandil İsrafilovun, eyni zamanda tarzənlərdən Hacı Məmmədov, Ağasəlim Abdullayev, Möhlət Müslümov, kamança ifaçıları Fəxrəddin Dadaşov, Şəfiqə Eyvazova, Arif Əsədullayev və başqa professional ifaçıların repertuarından, çalğı texnikasından bəhrələnərək, rəqsləri tələbələrin tədrisi üçün əlverişli olan ifa üsulunda göstərmişdir.

Bu dərsliyi ərsəyə gətirməyimizdə məqsədimiz odur ki, burada məhz proqram əsasında keçirilən rəqslər toplansın. Bu da tələbələrin rəqs musiqisini öyrənməsi üçün yardımçı ola bilər. Həmçinin burada çox qədim olan və ifaçılıqda demək olar ki, unudulan rəqslərə də yer verilmişdir.

Dərsliyin yaranma prosesində müxtəlif mənbələrə (Ü. Hacıbəyli. Əsərləri. II cild, K. Həsənov. “Qədim Azərbaycan xalq rəqsləri”, A. Nəcəfzadə. “Azərbaycan idiofonlu çalğı alətləri.” (orqanoloji-tarixi tədqiqat), S. Rüstəmovun, T. Quliev, Z. Bağırovun, R. Bəhmənlinin və başqa müəlliflərin not yazılarına) istinad edilmişdir. Eyni zamanda bu işdə göstərdikləri köməkliyə görə Azərbaycan Milli Konservatoriyasının müəllimləri zərb aləti ifaçısı Kamran Kərimova və musiqişünas-bəstəkar Faiq Nağıyevə öz minnətdarlığımızı bildiririk.

Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kəriminin rəhbərliyi ilə şifahi ənənəli professional musiqi janrı olan rəqs musiqisinin tədrisi və təbliğinə göstərilən maraq və təşəbbüs gənc ifaçıların xalq musiqisinə daha ciddi münasibətlə yanaşmasının zəmanətidir. Biz ümidvarıq ki, sizlərə təqdim etdiyimiz “Azərbaycan xalq rəqsləri” məcmuəsi həm musiqiçilər, həm də musiqisevərlərin marağına səbəb olacaqdır.


Hakkında Emrah Bekci


İlginize teşekkürler


Tayfur köyü antik Trakyen tahtı

Trakyen yarımadası Tayfur köyünde Trakyenlerden günümüze tarih

Çanakkale Trakyen yarımadası ( Thracian Chersonesos) Tayfur köyü mübadele Türklerinin Rumlardan kalma köyüdür. Kaya oyma Trakyen …


Çok yaşlı dut ağacı- Karainebeyli

Gelibolu Karainebeyli Kalaycı dede antik alanı

Kalaycı dede  antik alanı Gelibolu  Karainebeyli köyü Kara Nebi antik mezarlığı yakınındadır. Kalaycı dede  antik …

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir


 


*


Hakkında antikor