AZƏRBAYCAN XALQI ÖZ ZƏNGİNLİKLƏRİNİ QORUYUR!
Azərbaycan xalqı öz mədəniyyəti ilə bütün dünyada tanınır. Tarixi kökləri qədim zamanlara gedib çıxan musiqi sənəti mədəniyyətimizin ən əsas, zəngin və ayrılmaz hissəsini təşkil edir. Milli musiqi sərvətimiz – mahnılar, rəqslər, muğamlar, aşıq havaları əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çatmışdır. Şifahi şəkildə qorunub saxlanılan musiqi irsimiz əlbəttə ki, millətimizin zəngin mədəni tarixə malik olmasından xəbər verir.
Musiqinin dili – melodiyadır. Bu səbəbdəndir ki, Azərbaycan musiqisi dünyanın dörd bir tərəfində sevilir. Bəzən düşünürük, əcnəbilər xalq mahnılarımızı, muğamlarımızı dinlərkən sözlərini, məzmununu anlamayaraq bu nümunələrə necə heyranlıqla valeh olurlar? İlk növbədə musiqinin canı olan melodiyadır ürəkləri fəth edən. Bunun üçün dilindən, dinindən asılı olmayaraq hər bir kəs bu özünəməxsus təkrarolunmaz incilərin qarşısında aciz qalır. Budur bizə Allah tərəfindən bəxş olunan hədiyyə! Başqa xalqlara mənsub olmayan gözəllik! Lakin bu gözəlliyi qorumaq lazımdır ki, ona çirkin, mənfur nəfəslər toxunmasın. Hər gözəlliyin qarşısında onun daim ehtiyat edəcəyi qüvvələr olur. Necə ki, Azərbaycan xalqına, onun torpaqlarına, mədəniyyətinə, musiqisinə, incəsənətinə şərik çıxmaq istəyən, daha doğrusu onu özününküləşdirmək istəyən erməni “milləti” vardır. Onlar bizim musiqimizlə yanaşı, milli musiqi alətlərimizi də ələ keçirmək uğrunda illərlə planlı şəkildə işlər aparırlar.
Bir neçə xalqların birləşməsindən törənən ermənilər yarandıqları vaxtdan Azərbaycan xalqının füsunkar gözəlliklərini həzm edə bilməmiş, ona açıq-aydın hücumlarını nümayiş etdirmişlər. Torpaqlarımızın 20 faizini işğal etməklə kifayətlənməyən ermənilər Azərbaycanın el nəğmələrini də mənimsəyərək bütün dünyada onları öz adlarına məxsus təqdim edirlər. Bunlar “Sarı gəlin”, “Apardı sellər Saranı” xalq mahnıları, “Sən gəlməz oldun”, “Dilbərim” mahnıları, “Tərəkəmə”, “Qoçəli”, “Heyvagülü” və s. milli musiqi nümunələrimizdir ki, onların məzmunu və mahiyyətini dərk etmədən, melodiyasının incəliyini duymadan təbliğ etməyə cəhd göstərirlər.
.
.
“Sarı gəlin” Azərbaycan xalq mahnısı qədim tarixə malik sənət nümunəsidir. Mahnının yaranma tarixinə gəlincə isə demək olar ki, təxminən 7-8 əsr öncəyə aiddir bu qədim sənət əsəri. “Sarı gəlin” Azərbaycan xalq mahnısı haqqında bir çox rəvayətlər, fikirlər söylənilir, hətta musiqisinin anonim olduğunu da yazırlar. Sözləri dəyişilmiş variantda ifa olunan “Sarı gəlin”ə də təsadüf edirik. Hətta ermənilər “Sarı gəlin”in erməni qızı olduğunu iddia etməklə qədim Azərbaycan xalq mahnısına yiyələnmək fikirlərindən vaz keçmirlər.
Bu səbəbdən də “Sarı gəlin” mahnısının sözlərinin ilk öncə orijinal variantını sizlərə təqdim etmək istəyirəm:
Saçın ucun hörməzlər
Gülü sulu dərməzlər
Sarı gəlin…
Saçın ucun hörməzlər
Gülü sulu dərməzlər
Sarı gəlin…
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin…
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin…
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu
Gün ola mən bir görəydim
Nazlı yarımın üzünü
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin…
Gün ola mən bir görəydim
Nazlı yarımın üzünü
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin…
Göründüyü kimi, mahnının hər bəndini iki dəfə yazmışıq . Məqsəd mahnının olduğu kimi ifası zamanı sözlərin yerli-yerində deyilməsini göstərməkdir.
Ermənilər mahnının sözlərini dəyişdirsələr də, özlərinə uyğun olaraq söyləsələr də, sonda “Sarı” sözünü mütləq olaraq deyirlər. Ancaq mənasını bilmirlər. Bəzi mənbələrdə “sarı” sözü “Günəş”lə, onun sarı rəngdə olması ilə əlaqələndirilir. Bəzən isə “Sarı”, yəni “Sara” adlı qıza vurğulanan müraciət kimi anlaşılır. Başqa deyimlərdə isə “sarışın saçlı qız”ın nəzərdə tutulduğu söylənilir. Amma həqiqət bundadır ki, erməni dilində “sarı” sözü yoxdur.
Azərbaycan dilində “sarı” yalnız rəng mənasını bildirmir. O, eyni zamanda ikinci mənada özünün izahını göstərir. “Sarı” həm də “kiçik” deməkdir. “Sarı gəlin” dedikdə isə qədim zamanlarda “kiçik gəlin” nəzərdə tutulurdu. Daha doğrusu, gəlinliyə namizəd olan gələcəyin gəlinlərinə – nişanlı qızlara məhz “kiçik gəlin” və ya “sarı gəlin” deyərdilər. Mahnının sözlərinə diqqət yetirsək, “səni mənə verməzlər, sarı gəlin” nə deməkdir? Gözəl Azərbaycanlı qızına aşıq olan gənc onun nişanlı olduğunu bildiyindən istəyinə çata bilməyəcəyini anlamışdır, çünki qızın artıq “sarı gəlin”, yəni “nişanlı qız” olduğunu bilmiş, öz kədərli hisslərini belə sözlərlə ifadə etmişdir.
“Sarı gəlin” mahnısı adətən Azərbaycan milli aləti olan- balaban alətinin ifası və müşayiətində çox gözəl səslənir. Mahnı sanki bu alət üçün
bəstələnmişdir. Elə bu səbəbdən də Azərbaycanın bütün gözəlliklərinə təcavüz edən “erməni qonşularımız” milli alətimiz olan balabana da sahib çıxmağa çalışırlar.
Bəzən düşünürsən ki, bu “millət” nədən onlara vaxtilə qucaq açan, yurdsuz-yuvasız olduqları zaman onları məskunlaşdıran AZƏRBAYCANA – onun torpaqlarına, mədəniyyətinə, incəsənətinə (hətta kulinariyasına) bu qədər amansızcasına hücumlardan utanmırlar. Cavabı da bəllidir. Çünki özlərinə məxsus heç nə yoxdur. Tarixi vərəqləsək ermənilərin onlara məxsus ərazisinin olmadığı belə aşkara çıxarılır. Saxta tarixlə, saxta mədəniyyətlə “millət, dövlət” qurmaq olmaz!!! Başqa xalqların, millətlərin mənsub olduqlarını ələ keçirmək istəyi ilə yaşamaqdansa kəndi mədəniyyətini yaratmaq uğrunda çalışmaq gərəkdir.
“Sarı gəlin” xalq mahnısının üzərində dayanmaqda məqsəd yalnız onda deyil ki, bu mahnının Azərbaycan xalq yaradıcılığının məhsulu olduğunu sübut edək. Şükürlər olsun ki, bu günə qədər adı dillər əzbəri olan “Sarı gəlin”in Azərbaycan xalq mahnısı olduğu dəfələrlə həm musiqisi, həm də məzmunu baxımından bir çox dəlillərlə təsdiq olunub. “Sarı gəlin” xalq mahnısı və digər başqa milli musiqi nümunələrimiz haqqında – onların hər birinin melodiyası, yaranma tarixi barəsində ayrı-ayrılıqda yeni-yeni məqalələrdə ətraflı məlumat vermək olar.
Bu mahnının timsalında biz demək istəyirik ki, Azərbaycanın zəngin mədəni irsinə nə qədər “yad gözlərlə” baxılsa da, biz hər zaman SAHIB OLDUQLARIMIZIN qorunması və yad əllərdən alınması üçün daim mübarizə aparmağa hazırıq. Çünki AZƏRBAYCAN XALQI başqa xalqlardan oğurlamır, öz zənginliklərini qoruyur !!!
Doç.Dr. Arzu Quliyeva
Azərbaycan Milli Konservatoriyası
İlginize teşekkürler
Trakyen yarımadası Tayfur köyünde Trakyenlerden günümüze tarih
Çanakkale Trakyen yarımadası ( Thracian Chersonesos) Tayfur köyü mübadele Türklerinin Rumlardan kalma köyüdür. Kaya oyma Trakyen …
Gelibolu Karainebeyli Kalaycı dede antik alanı
Kalaycı dede antik alanı Gelibolu Karainebeyli köyü Kara Nebi antik mezarlığı yakınındadır. Kalaycı dede antik …