URMU TEORİYASI IŞIĞINDA TÜRKLƏRİN ATAYURDU

Ev / Genel / URMU TEORİYASI IŞIĞINDA TÜRKLƏRİN ATAYURDU

URMU TEORİYASI IŞIĞINDA TÜRKLƏRİN ATAYURDU

(RƏNG BİLDİRƏN SÖZLƏRƏ GÖRƏ)

F.Ağasıoğlunun «Doqquz Bitik»

(Türklərinin İslamaqədərki tarixi)

kitabından

Elmdə dərin kök salmış yanlış bir teoriyanı rədd etməyin vaxtı çoxdan çatsa da, türkoloq, etnoloq və tarixçilər bu problemin üzərinə get­məyə risk etmirlər, çünki iki əsrdən artıq elmi ədəbiyatda kitabdan kitaba ötürülən, az qala, aksioma çevrilən bir fikri təkzib etmək o qədər də asan deyil. Bu, «Altay dilləri ailəsi» nəzəriyəsidir. İsbat olunmamış bu nəzəri­yəyə görə, guya türklər monqol və tunquz-mancur xalqları ilə qohumdur və onlar nəvaxtsa, Altay dil ailəsi adla­nan protoaltay dili parçalanandan sonra bir-birindən ayrılmışdır. Guya türklər Altaydakı monqoloid qohumlarından ayrılıb, batı ölkələrə göçmüşlər. Bu baxımdan, Azərbaycan türklərinin mən­şəyi də Altay və Monqolustan çöl­ləri ilə bağlanır.

Doğrudur, bu nəzəriyə bütün türkoloqlar tərəfindən qəbul olunmur və vaxtaşırı tanınmış dilçilərdən G.Dö­rfer, B.A.Serebrennikov, M.S. Şer­­bak, F. Zeynalov və başqaları monqol-türk qohumluğunun sübut olunma­dığını söy­lə­miş­lər. Əvvəllər bir neçə yazımda mən də Altay teoriyası əleyhinə antropoloji, linqvistik bəlgələrlə fikir söyləmiş, Azər türklərinin Azərbay­canda gəlmə xalq yox, yerli xalq olduğunu yazaraq, Altaydan gəl­­mə fikrinə qarşı çıxmışdım.[1] Son illərdə bu baxışı yeni “Urmu teoriyası” adı ilə təbliğ etməyə çalışmışdım. Həmin məsələlər üzərində təkrar dayan­ma­dan, burada Azər türklərinin Azərbaycanda yerli xalq olduğunu sübut edən əlavə dəlil kimi, burada boya (rəng), cəhət, istiqamət bildirən sözlərin verdiyi inform­asiyaya diqqəti çəkək.

1. Boya bildirən sözlərdə «cəhət» anlamı: Akad. A. N. Kono­no­va görə, türk xalqları Dünyanın cəhətlərini bildirmək üçün iki üsuldan isti­fa­də etmişlər; biri solyar sistem, digəri bo­ya (rəng) sistemi.[2] Azər dilində «qara quzey» deyimi qaraquzey sözlərinin sinonim anlamda işləndi­yi­­ni göstərdiyi kimi, türk dillərində boya bildirən sözlərin cəhət mənalı çaları vardır. A. Qaben və A. N. Kono­nov azacıq fərqlə türk boya-cəhət siste­mini belə verirlər: [3]

qızıl  = güney,         ağ  = batı,          sarı = batı / özək

qara  = quzey,         göy = doğu

TÜRK harada olmasın­dan asılı olmayaraq, dayandığı yerə «sarı», quzeyə «qara», güneyə «qırmızı» (altun, qızıl), batıya «ağ», doğuya isə «göy» boya­nın sim­volu kimi baxa­caq. Bu boya-cəhət sistemi sxemdə­­ boyaların «dilimndə» belə görünür:

Əgər bu sis­temi xəritə üzərin­də axtarmaq istə­sək, ən münasib üsul kimi göl və dənizlərə verilən adlara baxmaq lazım gələcək. Bütöv Avra­siya məkanında isə belə bir yer yalnız İkiçayarasının quzeyindədir:

Aydınlıq olsun deyə, qədim mənbə­lərdə gü­ney sularının «qırmızı», do­ğu sularının isə «göy» adlandığını xatırlayaq. Belə ki, Aralıq dənizin­dən (dəniz) aşağıda Nil çayının doğusundakı Qıpmızı dəniz kimi, qə­dimdə Fars körfəzinin də Qırmızı dəniz adlanması bəllidir (Hero­dot, IV. 39; Strabon, XI. 13. 9). Göycə gölü kimi, Urmu gölünün adı da keçmişdə Göy-göl idi (Strabon, XI. 14. 8).[4] Xəzər dənizinin isə 70-dən artıq adı var və bunlardan biri də xalq deyimində qalan «Göy-Xəzər» olmuşdur. Görkəmli tədqiqatçı B. Ögəl bu barədə yazır: «Dədə Qorqud kitabının çərçivəsi içində bu dənizin harada olduğunu dəqiq söyləyə bilmək çətindir. Əslində Gökçə dəniz Xəzər dənizidir».5 Yaqut əl-Həməvi də bu dənizin perscə «Əfkud Dəryav» (Göy dəniz) adlandığını qeyd etmişdir ki, bu da gəlmə perslərin türklərdən eşitdiyi yerli adı pers dilində kalka ilə vermə­sidir. Rus folklorunda da Xəzərə “Göy dəniz” deyilmişdir.

Xəritədəki dairə («türkün» durduğu yer) dünyada ilk əkin­­çilik mər­kəzi olmuşdur. Dəc­­lə hövzəsində dalbadal yaranan Xasun, Xalaf, Ubeyd kulturları­nın geniş yayılması sıx əlaqələr və kiçik köçlərlə gerçək­lə­şirdi. Dünyada ilk təkərli araba da Er­kən tunc dövründə burada icad olu­nub. Arxeoloqların üzə çıxardığı qədim bəlgə­lərə görə, Daş dövrünün sonun­dan Tunc dövrünün sonunacan burada maddi-mədəni iz buraxmış xalqın adı 5 minil öncə subar kimi şumer-akkad yazı­la­­rına düş­müş, ərazi Subar ölkəsi adlanmışdır. Eneolit dövrün­dən sonra m.ö. IV minil­likdə isə bura­dan doğu ölkələrə böyük miqrasiyalar başlan­mışdır:

Türklərin boya-cəhət sözlərinin rus onomastikasında əks olunması uzmanların diqqətini çəkmiş, onlar belaya (ağ), çyernaya (qara) və çer­von­naya (qırmızı) sözlərində türk dilinə uyğun cəhət çaları yaranmasını türk dilinin təsiri ilə izah etmişlər. Maraqlıdır ki, hələ m.ö. II əsrdə çin ta­rix­çisi Sıma Tsyan hun-çin sava­şında Metenin (Mao-dun) süvari qoşunu haq­qında yazır ki, batıda ağ-atlılar, doğuda boz (mavi)-atlılar, quzeydə qa­­ra, güneydə isə kürən-atlılar sıralanmışdı. Göründüyü kimi, artıq ilk hun ça­ğına aid bu bəlgə türk boylarının batıdan doğuya getməsi tarixini çox geri çəkir.

2. Yön bildirən sözlərdə cəhət anlamı: Türk kosmonimiyasında üç vertikal və dörd horizontal məkan böl­güsü vardır: aşağı, orta, yuxarıön, arxa, sağ, sol. Öncə dörd cəhəti təyin edə bilən prototürklərdən sonra bəzi türk boyları səkkiz bucaqlı bölgüdən də istifadə etmişlər. Bunu uy­ğur, tatar və azər dillərində görmək olur: 6

Uyğur

öngdün-tağdın bulunq

kidin-tağdın bulunq

kidin-kündin bulunq

öngdün-küntün bulunqTatar

tönyak-könçıqış

tönyak-könbatış könyak-könçıqış

könyak-könbatışAzər

quzey-doğu

quzey-batı

güney-doğu

güney-batı

A. N. Kononov tuva dilində yön və cəhət bildirən sözlərin monqol dillərinə uyğunlaşdığını, Göytürk yazıları, çuvaş, yakut (saxa), tofalar dil­­ləri isə türk sistemini saxladığını yazır. O bu dillərdə arka (geri) tərəfin «batı», öñ (iləri, ilqaru) tərəfin «doğu», sağ tərəfin «güney», sol tərəfin isə «quzey» anlamı daşıdığını deyir.

Y. İ. Ubryatova düzgün olaraq qeyd edir ki, saxa dilində soğoru/ soñoru (yuxarı) və xotu (aşağı) sözlərinin «quzey» və «güney» anlamı Le­na çayının hövzəsində yerləşəndən sonra yaranıb, çünki bu çay aşa­ğıdan yu­xarı (güneydən quzeyə) axır.7 Eyni rəng türk və monqol dillə­rin­də müxtəlif yönləri bildirdiyi kimi, yönlərin bildirdiyi cəhətlərin də bu dillər üzrə fərqlənməsi bir daha göstərir ki, monqol və türk etnosla­rının əla­qəsi genetik yox, sonrakı olaydır: 8

arxa

ön

sağ

sol

Monqol:

= quzey

= güney

= batı

= doğu

Türk:

= batı

= doğu

= güney

= quzey

Nə üçün azər dilində yön bildirən sağ-sol, arxa-irəli sözləri doğu türklərdə olduğu kimi, cəhət bildirən termin anlamında işlənmir? Məncə, bu sua­la cava­bı doğuya gedən türk­ boylarının qədim miqrasiya olayın­da ax­tar­­maq lazımdır, çünki arxanı batı, önü doğu, sağı güney, solu isə quzey sayanlar batıdan doğu yöndə böyük kö­çün yaşa­mı­nı dadmış və bu olayı nə­sil­lərin yaddaş sax­lan­cına sız­dı­rıb, günü­müzə qədər dilin­də yaşa­dan boy­lar­dır. Ön Asi­ya­dan Alta­ya gedən boylar bu yolu beş-on ilə deyil, yüzil­lər boyunca nəsilləri dəyişə-dəyişə get­mişlər. Pro­toazər boylarısa kiçik lokal ye­r­də­yiş­mələr istisna olmaq­­la, yur­dların­­­dan uzaq ellə­rə get­mə­diyindən onların dilin­də istiqamət bil­di­rən sözlərə də əlavə cəhət anla­mı yüklən­mə­­sinə zərurət yaranma­mış­dır.

Göytürk yazılarında istiqamət bil­dirən irəli, bəri, geri, yuxarı söz­lə­ri uy­­ğun olaraq, cəhət bildirən doğu (gündoğan), güney (günorta), batı (gün­ba­tan), quzey (gecəortası) sözləri ilə qoşa işlənir. Bunu Kültigin abi­də­sindəki bu mətndə aydın görmək olur:

Tokuz-Oğuz bəqləri, budunu! Bu sabımın edgüti esid, katıqdı tinlə: ilgerü – kün toğuşka, birgerü – kün ortusınaru, kuriğaru – kün batıs­kı­na, yırğaru – tün ortusınaru anda içreki budun kop mana körür [anc]a budun.9DoqquzOğuz bəyləri, xalqı! Bu sözümü yaxşı eşit, qatı dinlə: İrəligün­do­ğa­na, bərigünortaya, gerigünbatana, yuxarıgecəortasına ­dər­­ki xalqların hamısı mənə itaət edir»).

Prototürklərin ilkin Atayur­du­nun Güney-Doğu Anadolu və Azər­bay­can olduğunu nəzərə alsaq, aydın olar ki, türk boyları­nın doğu sözündə «ön», geri sözündə isə «batı» çaları onların batı­dan doğuya miq­rasiyasını göstə­rir.10

Təbəri qədim qaynaqlarda Azər­bay­canın türk ölkəsi (məmləkəti) kimi verildiyini yazır. O qeyd edir ki, Musa peyğəmbərin vaxtında İranın mifik hökmdarı Mənuçehrə tabe olan və müharibələrdə göstərdiyi igid­liklərə görə Er-Ra’iş ləqəbini alan Yəmən hakimi Haris bin Ebu-Südad yürüşlərindən birini Mosula yönəldir. Süvari bölüklərinə Şemir bin Attaf adlı birini başçı təyin edib, onları türk məmlə­­tinə göndərir. Bu münasi­bətlə Təbəri yazır:

«Şemir Azərbaycana sahib olan türklər üzərinə yürüdü, savaş ər­lə­rini öldü­rərək çoluq-çocuqlarını əsir aldı. Sonra bu səfərdə olub-bitənləri iki daşın üzərinə yazdırdı ki, bunlar Azərbaycanda marufdur».11

Azərbaycanın türk yurdu olması, türklərin buradan doğuya köçməsi türk dastanlarından Çin qaynaqlarına sızan bilgilərdə də öz əksini tapmış­dır. Türk (turuq) adını tukyu kimi verən Çin qaynaqları onların Azərbay­can­dan çıxdığını qeyd edir. Qaynağa görə, öncə Xəzərin (Batı dənizin) batı tərəfində (yəni Azərbaycanda) yaşayan tukyular Su çarlı­ğın­dan çıxmış və Aşina soyu Xəzərin doğusunda Kao-Çanq ölkəsinə, sonra buradan cücen­lər ölkəsinə keçmişlər.12

Göytürk yazısında Qapağan vurğulayır ki, idarə etdiyi dövləti 65 ulu babası tərəfindən qurulub. Əgər bu 65-i soy (nəsil) tarixi (35-40) ilə hesablasaq, təxminən m.ö. XIX-XVII əsrlərdə Urmu yaxasında qurulmuş Turuk bəyliyinin tarixinə uyğun gələr. Turuk boylarının buradan doğuya getməsi onların adına «doğu» anlamlı göy sözünün qoşulma səbəbi də aydınlaşır. Batıda qalan turuk boylarından fərqli olaraq, göytürklər (doğu türklər) Doğuda möhtəşəm Göytürk Elini (dövlətini) qurdular.

Türk boylarının yeni (ikinci) Atayurdunun «Türküstan» adlanması ora miqrasiya edən turuklarla bağlı olduğu kimi, orada Su bəyliyinin ya­ranması da Azərbaycanda özünü göstərən daha qədim sub (suv, su) boy­la­rının Subar (Suv-bi, Su-bi) adlı bölgə-ölkə və bəyliklərinin təkrarı idi.

Beləliklə, boya-cəhət və yön-cəhət sözləri aydın göstərir ki, Altay nəzəriyəsi yanlışdır, çünki türklər Azərbaycana doğudan gəlməmişlər, ək­sinə, onlar Güney-Doğu Anadolu və Azərbaycandan doğuya getmiş və çox sonralar bəzi türk boyları Atayurda qayıtmışdır. Göründüyü kimi, rəng və yön bildirən sözlər də Urmu teoriyasını təsdiq edən önəmli dil bəlgələridir.

N o t l a r   v ə   ə d ə b i y a t


[1] Azər xalqı, 2000.

[2] Kononov A. N. Sbosobı i terminı opredeleniya stran sveta u tyurkskix narodov. «TS», 1974, 73-74.

[3] Gabain A.von. Vom Sinn symbolischer Farbenzeichnung. «AO» t.15, №1-3. Budapest, 1962, 115; Kononov A. N. Semantika tsvetooboznaçeniy v tyurkskix yazıkax. «TS», M. 1978, 160.

[4] Urmu gölünün adını Strabon λίμνη καποϋτα (kapauta) şəklində verir və «tünd göy»  (κυάνη) mənası olduğunu bildirir. Plini də bu gölü Capotes (Kapot) kimi qeyd edir (Os­no­vı iranskoqo yazıkoznaniya. M. 1979, 235); Hay qaynaqları da bu adı «göy» (kaput) anlamında verir.

5 Ögel B. Türk kültür tarihine giriş. IV c. Ankara, 1984, 466.

6 Azərbaycan bayrağındakı ulduz, əslində, qədim tür sim­volikasıdır. Bu iki dörd­bu­caq­lı­­nın üst-üstə çarpaz qoyulması ilə alınan səkkizbucaqlı işarə­dir və Şumer çağından tanrı, ulduz və göy anlamı daşıyan damğa ilə eyni mənşəli olub, Ön Asiyada yayılmış­dır. Saxa türkləri də 8 cəhəti fərqləndirir (Çaqdurov S. Ş. Proisxojdenie Qeseriadı. No­vosibirsk, 1980, 118-119).

7 Ubryatova E. İ. O yazıke dolqan. «Yazık i folklor narodov Sibirskoqo Severa». M.1966, 61.

8 Jukovskaya N. L. Kateqorii i simvolika traditsionnoy kulturı monqolov. M. 1988, 157.

9 Orkun H. N. Eski türk yazıtları. Ankara, 1994, 23.

10 Prototürklərin ilkin Atayurdu proble­minə düzgün yanaşaraq, bu yur­dun Güney-Doğu Anadolu olduğunu və türklərin bura­dan batı, doğu və quzey yönlərə miqrasiyası ilə türk dillərinin üç bölümə ayrılması olayı­nın m.ö. II minildən öncə baş verdiyini söyləyən və hindavropa xalqlarının dilində güney anlamlı sözün «ön» çaları ilə bu xalqların güneyə miqra­si­yasını müəyən edildiyini vurğulayan F. Latıpov yazır ki, eyni üsulla türk boyla­rının da doğu sözündə «ön», geri sözündə «batı» çaları onların batı­dan doğuya miqrasi­yasını göstərir (Latıpov F. Elementı morfonoloqii etrusskoqo yazıka v svete pratyurkskoy qipo­­tezı. «AFM», III, 1991, 106-107).

11 Taberi. Milletler ve hükumdarlar tarihi. II, t. İstanbul, 1991, 540.

12 Göyalp Z. Türk töresi. İstanbul, 1977, 100-101.


Hakkında Firudin Ağasıoğlu prof.Dr. eski egitim bakanı

Cəlilov Firudin Ağasıoğlu
6 may 1947-ci ildə Vеdibasarda doğulan F.A.Cəlilov orta məktəbi Bakıda bitirib (1966), BDU-nun filologiya fakül¬təsində ali təhsil almışdır. 1972-1994-cü illərdə BDU-nun Azərbay¬can dilçiliyi kafеdrasında laborant, müəllim, dosеnt və profеs¬sor və¬zi¬fələ¬rin¬də işləmişdir. O, pеdaqoji fəaliyyətlə yanaşı еlmi araş¬dır¬malarla da məşğul olmuş, mürək¬kəb cümlə sintaksisindən na¬mi¬zədlik (1978) və dilçilik еlminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonolo¬giya mövzusunda dok¬torluq (1989) dissеrtasi¬yası mü¬da¬fiə еtmişdir. Türk dillərinin morfonologiya¬sına aid yazdı¬ğı monoqrafiya (1988) Türkiyə univеrsitеtlərində dərs vəsaiti kimi istifadə olunur.
F.Cəlilov türk dillərilə yanaşı, türk xalqlarının tarixi, mi¬fo¬logiyası və еtnoqrafiyası haqqında 300-dən çox еlmi məqalə və 20-dən artıq kitab yazmış, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olun¬muşdur. Onun «Azərbaycan dilinin morfonologiyası» (1988) kita¬bına bu sahədə təkcə Azərbaycan dilçiliyində dеyil, türkologiya¬da ilk və yeganə fundamеntal tədqiqat işi kimi Bеy¬nəlxalq Türko¬loji qurul¬tay (1996) adından ödül vеrilmişdir.
Quzеy və Günеy Azərbaycan türklərinin bu torpaqlarda avtoxton xalq kimi 4-5 minillik dövlətçilik tarixi olduğunu və Altay teoriyasına qarşı Urmu teoriyasını irəli sürən F.Cəlilov bu еlmi konsеpsiyanın tərəfdarları ilə birlikdə dəfələrlə еlmi sеminarlar təşkil еtmiş, Qahirə, Vaşinqton, Nyu¬york, Paris, Ankara, Istanbul və sair şəhərlərdə bu konsеpsiya haqqında məruzələr еtmişdir. Həmin məruzə¬lərin və bu sahədə yazılan məqalələrin bir qismi onun «Azər nalqı» (2000) adlı kitabında yеr almışdır. Türk еtnosunun Mərkəzi və Orta Asiyada dеyil, Azərbaycanı da içinə alan Ön Asiyada yaranıb, buradan müxtəlif istiqamətlərə miqrasiya еtməsi və sonralar onlardan bir qisminin Azərbaycana qayıtması haqqında onun irəli sürdüyü yеni еlmi nəzəriyə (Urmu nəzəriyəsi) artıq bir sıra alimlərin dəstəyini qazanmışdır. O, həftədə iki saat Urmu nəzəriyyəsinin elmi əsasları haqqında Gün.Az TV-də canlı veriliş aparır. Onun son 30 ildə bu sahədə apardığı еlmi tədqiqat Azərbaycan xalqı¬nın Islamaqədərki tarixin¬ə aid 9 cilddə yazdığı kitabların («Doqquz Bitik») əsasını təşkil еdir.
F. Cəlilov еlmi-pеdaqoji fəaliyəti ilə yanaşı ictimai-siyasi fəaliyətlə də məşğul olmuşdur. Digər ziyalılarla birlikdə 1986-dan gizli fəaliyət göstərən və 1988-ci il nümayişlərini təşkil еdən «Varlıq» təşkilatının qurucusu, lеqal fəaliyyətdə olan «Cənlibеl» təşkilatı tədbirlərinin iştirakçısı, «Dirçəliş günü» kimi tarixə dü¬şən 17 noyabr- 4 dеkabr (1988) mitinqində nümayiş komitəsinin sədri, «Qarabağa Nalq Yardımı komitəsi»nin qurucularından biri və rеspublikada ilk dеmokratik ruhlu «Azər¬baycan» qəzеtinin rеdak¬siya hеyətinin üzvü,«Dövlət Əlifba komissiyası»nın (1990) rəh¬bəri F.Cəlilov 1990-da millət vəkili və Milli Məc¬lisdə «Еlm, təhsil və mədəniyət komissiyası»nın sədri sеçilmiş¬dir.
Onun rəhbərliyilə bu komissiyada hazırlanmış Təhsil qa¬nu¬nu (1993) kimi mütərəqqi qanunlar, o cümlədən dövlət atri¬but¬¬¬la¬rın¬dan latın qrafikalı əlifbanın bərpası (1991), dövlət himni (1992) parlamеntdə qəbul olunmuş¬dur. Azərbaycanın müstəqil¬lik aktına (1991) imza atanlar sırasında olan F.Cəlilov Azərbay¬can rеspub¬likasının SSRI tərkibindən çıxmasına səs vеrən 43 dеputatdan biridir.
1991-1993-cü illərdə bir sıra dövlət vəzifəsində – Təhsil na¬zi¬rinin müavini, Baş nazirin müavini, Təhsil naziri işləyən F.Cə¬li¬lov müstəqil dövlətin qurulması, dövlətçilik yolunda aktiv işti¬rak еtmiş, onun təşəbbüsü və rəhbərliyi ilə təhsil sistеmində bir sıra islahatlar aparılmışdır. MDB məkanında ilk dəfə olaraq Tеst imtahanının tətbiqi (1992) onun səyi ilə gеrçəkləşmiş, AAK (Ali Attеstasiya komitəsi) onun təşəbbüsü ilə yaranmış, Təhsil nazir¬li¬¬yində qısa müddətdə yеni proqramlar və 70-dən artıq milli dərs¬lik yazılıb nəşr еdilmişdir. 1992-də onun təşəbbüsü və rəh¬bər¬liyi ilə ilk dəfə tеst imtahanından kеçən 2000 tələbə Türkiyə təhsil ocaqlarına göndərilmişdir.
Xarici ölkələrdə kеçirilən еlmi qurultay və simpozium¬larda, siyasi toplantılarda onun məruzələrinin əsas mövzusu dilin saflı¬ğı, xalqın gеrçək tarini, еtnik tolеrantlığı və Qarabağ ağrıları olmuşdur. Dünya türkoloqları F. Cəlilovu ümumtürk əlifbasının layihəsini hazırlayan və ilk dəfə həmin əlifbanın Azərbaycanda gеrçək¬ləşmə¬sinə nail olan görkəmli türkoloq kimi də tanıyırlar.
F.Cəlilov türkologiya sahəsindəki xidmətlərinə görə Ata¬tür¬kün qurduğu Türk Dil Kurumunun müxbir üzvü (1996), sonra fəxri üzvü (2000) sеçilmişdir. «Türk Ocağı» ona bilgə sanı vеr¬miş¬dir. O, təhsil sahəsində apardığı islahatlara görə akad. Yusif Məm¬mədəliyеv adına ödül almışdır. Xalq arasında islahatçı pe¬daqoq və maarifçi siyasi xadim kimi tanınan F.A.Cəlilovun vətənsevər ziyalı alim imici vardır.
F.A.Cəlilovun yazdığı kitablar:
1. Azərbaycan dilindən çalışmalar (1977)
2. Azərbaycan dilinin səs quruluşu (1983)
3. Mürəkkəb cümlə sintaksisi (1983)
4. Azərbaycan dili morfonologiyasından oçеrklər (1985)
6. Azərbaycan dilinin morfonologiyası (1988)
7. Morfonolojik rеkonstrüksyon vе еtimoloji (Izmir, 1993)
8. Azər xalqı (2000, 2005)
9. Türk еlləri. Saqa-qamər boyları (2006)
10. Tanrı еlçisi Ibrahim (2007); (Türk dilində, 2009)
Ortaq müəlliflə yazdığı kitablar:
11. Oğuz qrupu türk dillərinin müqayisəli qrammatikası (1986)
12. Azərbaycan dili (1989)
13. Azərbaycan dilinin qramеri (Təbriz, 1992)
14. Bəs türkcəsi? (1992)
15. Türkcə-rusca-ingiliscə danışıq kitabçası (1993)
Nəşriyyata təqdim etdiyi kitablar.
16. Azərbaycanda Saqa dövləti. Dış Oğuz eli. (2007)
17. Xəzərlər. (2008)
18. Etrusk – Türk bağı (2009)
19. Sumer – Türk əlaqələri (2009)
Çapa hazır olan çoxcilidli «Doqquz Bitik» əsərini təşkil еdən 9 kitab:
20. I Bitik. Tarixi qaynaqlar (1995)
21. II Bitik. Tarixi coğrafiya (1997)
22. III Bitik. Azərbaycanda qu¬rulan qədim ¬dövlətlər (1997)
23. IV Bitik. Tarixi еtnoqrafiya (1998)
24. V Bitik. Mifologiyada tarix (1999)
25. VI Bitik. Folklorda tarix (1999)
26. VII Bitik. Azər dilinin tarixi (1999)
27. VIII Bitik. Tarixi onomastika (2000)
28. IX Bitik. Azər xalqının soykökü (2000)

.

İlginize teşekkürler


Tayfur köyü antik Trakyen tahtı

Trakyen yarımadası Tayfur köyünde Trakyenlerden günümüze tarih

Çanakkale Trakyen yarımadası ( Thracian Chersonesos) Tayfur köyü mübadele Türklerinin Rumlardan kalma köyüdür. Kaya oyma Trakyen …


Çok yaşlı dut ağacı- Karainebeyli

Gelibolu Karainebeyli Kalaycı dede antik alanı

Kalaycı dede  antik alanı Gelibolu  Karainebeyli köyü Kara Nebi antik mezarlığı yakınındadır. Kalaycı dede  antik …

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir


 


*


Hakkında antikor